Cinsi məlumatlar uşaqlara necə aşılanmalıdır?
Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır: “Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır.
Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək”.